“Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb”

381 18-10-2023, 11:00 Siyasət

“Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb”

“Aviasiyada xidmət məsələsi əsas problemlərdən biridir”.
Altv1.info.az xəbər verir ki, bu fikirləri deputat Vahid Əhmədov Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Aviasiya haqqında” yeni qanun layihəsinin müzakirəsi zamanı bildirib.
“İldə təxminən 5-6 dəfə xaricə gedib-gəlirəm. Başqa təyyarələr ilə uçuram, onlarda xidmət bizdən daha yaxşıdır. Bundan əlavə, qiymətlər əhalini narahat edən məsələlərdəndir. Bizdə qiymətlər yüksəkdir. Qiymət səviyyəsi bizim əhalinin aldığı gəlirlərlə mütənasiblik təşkil etmir. Aviasiya artıq özünü maliyyələşdirməlidir. Aviasiyanın gəlirlərinə baxanda görürük ki, kifayət qədər gəlirləri var. Bu il öz hesablarına üç təyyarə alınması müsbət haldır”, -deyə deputat vurğulayıb. V.Əhmədov qeyd edib ki, Naxçıvana uçuşlarla bağlı həmişə bilet qıtlığı var: “Bununla bağlı müraciətlər kifayət qədərdir. Naxçıvana həmişə bilet çatmır. Bilmirəm bu nə ilə əlaqədardır. İnsanlar uça bilmək üçün “tanış”, “dost” axtarırlar”.
Məsələyə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müavini Rəhman Hümbətov reaksiya verib: “Qiymətlərə yanacağın qiyməti, təyyarələrin alınması, saxlanılması və s. təsir edir. Artıq AZAL güzəştli qiymətlərlə yanacaq almır. Bu il dövlət büdcəsindən AZAL-a maliyyə daxil olmayıb. Düzdür əvvəlki illərdə olub və indi də AZAL özü xərcləri qarşılamalıdır. Qətiyyən demək istəmirəm, qiymət olduğu kimi qalacaq. Lakin təəssürat yaranıb ki, qiymətlər həddən artıq yüksəkdir, amma bu, belə deyil. Bu il AZAL-ın 20 mindən çox bileti 29 avrodan satılıb. Bundan əlavə, təyyarələrin dəyişilməsi prosesinə də start verilib”
Nazir müavini qeyd edib ki, bu gün tələbdən asılı olmayaraq cədvəl üzrə Naxçıvana təyyarə sayı 4-dür: “Bəzən isə 14-ə də qaldırırıq. Məsuliyyətlə deyirik ki, bilet tapılmaması ilə bağlı hal ola bilməz. Biz vətəndaşlara çağırış etsək də ki, onlayn biletinizi alın, onlar vasitəçilər axtarır. Bundan əlavə, insanlar bütün baqajı yığıb hava limanına gedib yerində bilet tələb edir. Xahiş edirik, biletlərinizi 1-2 gün öncədən alın”.

Altv1.info.az

XƏBƏR LENTİ