Meksika Deputatlar Palatasında Azərbaycan Dostluq Qrupu ilə görüş baş tutub

531 26-11-2023, 09:30 Siyasət

Meksika Deputatlar Palatasında Azərbaycan Dostluq Qrupu ilə görüş baş tutub


Milli Məclisin deputatları - Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Jalə Əliyeva və Elşad Mirbəşiroğlu Meksikada işgüzar səfərdədirlər.
Bu barədə Azərbaycanın Meksikadakı səfirliyi məlumat yayıb.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun sədri Alberto Viya Viyeqasın dəvəti ilə baş tutan səfərin ilk günündə Milli Məclisin nümayəndə heyəti Mexiko şəhərində yerləşən Xocalı soyqırımı abidəsini ziyarət edib, Meksika Konqresinin inzibati binası və "Qanunvericilik Muzeyi" ilə tanış olub, o cümlədən Konqresin növbəti plenar iclasında iştirak edib.
Konqresin vitse-prezidenti öz növbəsində nümayəndə heyətimizi səmimi salamlayıb və Meksikada səfərdə görməkdən məmnunluq duyduqlarını bildirib.
Daha sonra Konqresin Deputatlar Palatasının sədri Marsela Kastiyo və Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə ikitərəfli görüşlər baş tutub.
M.Kastiyo bir neçə il öncə Azərbaycana səfərini xoş təəssüratlarla xatırlayıb, ölkəmizdə şahidi olduğu inkişafın və qonaqpərvərliyin onda dərin izlər buraxdığını qeyd edib. O, Milli Məclisin nümayəndə heyətinin Meksikaya səfərini yüksək qiymətləndirdiklərini bildirib və qarşılıqlı səfərlərin iki ölkə arasındakı parlamentlərarası əlaqələrin inkişafına əhəmiyyətli töhfə verdiyini vurğulayıb.
Meksika-Azərbaycan parlamentlərarası dostluq qrupunun üzvləri ilə keçirilmiş görüşdə qrupun sədri A.Viyeqas çıxış edərək, Meksikanın dost ölkə və mühüm tərəfdaş kimi qəbul etdiyi Azərbaycanla müxtəlif sahələrdə əməkdaşlıq əlaqələrini daha da inkişaf etdirməkdə maraqlı olduğunu diqqətə çatdırıb, bu il xalqımız tərəfindən anadan olmasının yüzilliyi qeyd olunan ümummilli lider Heydər Əliyevin dühası və əsasını qoyduğu layihələr sayəsində Azərbaycanın Avrasiyada mühüm nəqliyyat və enerji habına çevrildiyini bildirib.
A.Viyeqas bu il Meksika Deputatlar Palatasında ulu öndərin 100 illiyi ilə əlaqədar təşkil olunmuş tədbiri, eləcə də Azərbaycanın mədəniyyət paytaxtı, azadlığın rəmzi Şuşa şəhərinə səfərlərini böyük məmnunluqla yada salıb, 30 il ərzində etnik təmizləməyə məruz qalmış azərbaycanlıların öz doğma torpaqlarına layəqətlə və təhlükəsiz qayıdışının təmini məqsədilə həyata keçirilən işlərlə yerində tanış olduqlarını qeyd edib.
Azərbaycan-Meksika parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri J.Əliyeva səfərə dəvətə görə təşəkkürünü bildirib, iki ölkə arasında münasibətlərin inkişafında parlamentlərarası dostluq qruplarının, o cümlədən parlament diplomatiyasının önəmli yer tutduğunu ifadə edib. Çıxışı zamanı J.Əliyeva Azərbaycanın Qarabağ bölgəsində cərəyan edən hadisələr, separatçılara qarşı antiterror tədbirlərinin keçirilməsini qaçınılmaz edən səbəblərdən bəhs edib, qarşılaşılan erməni mina terrorunun çətinliklərlərinə baxmayaraq, işğaldan azad edilmiş ərazilərdə fasiləsiz həyata keçirilən genişmiqyaslı bərpa-quruculuq işlərindən ətraflı söz açıb.
O, Azərbaycanın ərazi bütövlüyünü tam bərpa etməklə, regionda dayanıqlı sülhün yolunu açdığı, yeni reallıqların, qarşılıqlı faydalı əməkdaşlıq imkanlarının yarandığı qeyd olunub. Azərbaycanlı parlamentari Qoşulmama Hərəkatının ölkəmizin sədrliyi dövründə beynəlxalq müstəvidə geniş nüfuz qazanmasından danışıb, hazırda Hərəkat yanında müşahidəçi statusuna malik olan Meksikanın tezliklə bu beynəlxalq qurumun tamhüquqlu üzvünə çevriləcəyinə ümid etdiyini bildirib.
Görüşdə Milli Məclisin Meksika ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun üzvü Elşad Mirbəşiroğlu çıxış edərək, iki ölkə arasında müxtəlif platformalarda səmərəli əməkdaşlığın həyata keçirildiyinə diqqət çəkib, Azərbaycan tərəfinin keçmiş Qarabağ münaqişəsi ilə bağlı Meksika tərəfinin tutduğu ədalətli mövqeyi və Meksika Konqresinin Xocalı soyqırımını tanımasını hər zaman yüksək dəyərləndirdiyini bildirib.
Ölkəmizin Meksikadakı səfiri Məmməd Talıbov çıxışı zamanı iki ölkə arasında bir çox sahələrdə əməkdaşlıq əlaqələrinin inkişafı üçün geniş potensialın mövcud olduğunu diqqətə çatdırıb, effektiv parlament diplomatiyasının ikitərəfli münasibətlərin inkişafına əlavə təkan verdiyini vurğulayıb.
Görüş zamanı həmçinin iki ölkə arasında iqtisadi-ticari, turizm, mədəni-humanitar, təhsil və digər sahələrdə əməkdaşlığın inkişaf perspektivləri və bu istiqamətdə qanunverici orqanların rolu, qanunvericilik sahəsində təcrübə mübadiləsi barədə müzakirələr aparılıb.

Altv1.info.az

XƏBƏR LENTİ