Tərtərin Qaradağlı kəndində Yel Çərşənbəsi təntənəli qeyd edildi

5 Bu gün, 19:57 Gündəm


Tərtər Rayon İcra Hakimiyyətinin, Qarabağ Regional Mədəniyyət İdarəsinin Tərtər nümayəndəliyinin, Qərbi Azərbaycan İcmasının Tərtər rayon nümayəndəliyinin və Qaradağlı bələdiyyəsinin birgə təşkilatçılığı ilə Novruzun üçüncü çərşənbəsi-Yel çərşənbəsi rayonun Qaradağlı kəndində böyük coşqu ilə qeyd olunub.

Bayram tədbirləri çərçivəsində Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov əvvəlcə Tərtər şəhərinin Mərkəzi Meydanında bayram tonqalını alovlandıraraq sakinləri təbrik edib, onlara bahar sevincli günlər arzulayıb. Daha sonra rayon rəhbəri Qaradağlı kəndinə gedərək buradakı şənlikdə iştirak edib.

Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbərləri, məhkəmə sədrləri, YAP rayon təşkilatının sədri, mədəniyyət işçiləri, kənd ağsaqqalları və sakinlər iştirak ediblər.

Mərasim başlamazdan əvvəl rəsmi qonaqlar və kənd sakinləri şəhidlərin xatirəsinə ucaldılmış abidəni ziyarət edib, qəhrəman övladlarımızın əziz xatirəsini ehtiramla yad edərək abidə önünə gül dəstələri qoyublar.

Mərasimin rəsmi hissəsində aparıcılar Yel çərşənbəsinin təbiətin oyanışının, yazın nəfəsinin və təzələnmənin rəmzi olduğunu vurğulayıblar. Qeyd olunub ki, xalq inancına görə, bu günün küləyi dünyanı gəzir, yatmış təbiəti oyadır, qışın soyuğunu baharın ilıq havası ilə əvəz edir. Qədim Azərbaycan inanclarında yel müjdəçi sayılır və baharın gəlişini hər yerə çatdırır.

Tərtər Rayon İcra Hakimiyyətinin başçısı Müstəqim Məmmədov sakinləri Yel çərşənbəsi münasibətilə təbrik edərək hər kəsə sağlamlıq, bol ruzi və bərəkət arzulayıb. Rayon rəhbəri çıxışında xüsusi olaraq bildirib: “Bu il Bahar bayramı bizim üçün ikiqat sevinclidir. Çünki Yel çərşənbəsi ilə müqəddəs Ramazan ayı eyni vaxta təsadüf edir. Bu gözəl təsadüf xalqımızın milli və dini dəyərlərinin vəhdətini bir daha nümayiş etdirir. Arzu edirəm ki, dualarımızın qəbul olunduğu bu günlərdə Yel çərşənbəsinin xoş küləyi ocaqlarınıza bolluq, süfrələrinizə həmişə bərəkət gətirsin”.

Daha sonra alovlandırılan bayram tonqalı hər yanı nura boyayıb. Bayramın ən maraqlı məqamlarından biri də milli geyimli atlıların meydana daxil olması olub. Atlıların nümayişi tədbirə xüsusi rəng qatıb, qədim döyüşçü ruhunu və el adətlərini yenidən canlandırıb. Qonaqlar sakinlərlə birlikdə ocaqda bişən kətənin, qovurğanın dadına baxıb, çərşənbə şirniyyatlarından dadıblar. Tonqal başında kəndin cavanları milli musiqinin sədaları altında “Yallı” gedib, pəhləvanlar öz güc və məharətlərini nümayiş etdiriblər. Şirin söhbətlər edilib, qədim adət-ənənələr və inanclar bir daha yada salınıb.

Tədbirin sonunda kənd ağsaqqalı Rafiq Abbasov evində ziyarət edilərək bayramı təbrik olunub.

Əziz xalqımız, Yel çərşənbəniz mübarək! Qoy baharın xoş nəfəsi evinizdən əskik olmasın!

XƏBƏR LENTİ