"Müvafiq qurumlar tərəfindən gəncləri intihara cəlb edən səbəblər araşdırılmalıdır" - DEPUTAT

2 393 22-12-2023, 10:00 Sosial

"Müvafiq qurumlar tərəfindən gəncləri intihara cəlb edən səbəblər araşdırılmalıdır" - DEPUTAT

Deputat Tamam Cəfərova parlamentin Ailə, qadın və uşaq məsələləri komitəsinin iclasında çıxışı zamanı il ərzində 600-ə yaxın intihar hadisəsi qeydə alındığını qeyd edib. Deputat həmçinin, intihar edənlərin çoxunun qadın və məktəbyaşlı uşaqlar olduğunu söyləyib.

Bununla bağlı Sonxeber.az-a danışan deputat İqbal Məmmədov bildirib ki, uşaqlarımızın uğurlu gələcəyi üçün hər birimiz çalışmalıyıq:

"Hər gün mətbuat da intihar xəbərlərini oxuyuruq. Təəssüf ki, intihar edənlərin arasında yeniyetmələr və gənclərimiz də var. Bu hər birimizi narahat etməlidir. İlkin mərhələdə müvafiq qurumlar tərəfindən gəncləri intihara cəlb edən səbəblər araşdırılmalıdır. İntihar qərarını yeniyetmələr bir anda vermirlər. Hətta həftələrlə intihar planını qururlar. Bu zaman kəsiyində onlar davranışları ilə ailə üzvlərinə və ətrafdakılara müəyyən mesajlar da ötürürlər. Yeniyetmələr arasında intihara cəhdlərin səbəblərindən biri onların özlərini dəyərsiz hesab etmələri və özgüvən hislərinin aşağı olmasıdır. Müəllimlər və valideynlər uşaqlarla münasibətdə mütləq şəkildə onları şəxsiyyət kimi qəbul etməlidir. Xüsusilə də valideynlər övladlarının qərarlarına və fikirlərinə hörmətlə yanaşmalıdır".

Deputat vurğulayıb ki, valideynlər uşaqlarına qayğı göstərməli və onlarla dost olmalıdır:

"Valideynlər elə şərait yaratmalıdır ki, övladları hər hansı problemlə üzləşəndə ilk onlarla məsləhətləşsinlər. Uşaqlar valideynlərini özlərini dost və sirdaş kimi görməlidir. Müəllimlərin də qarşısında bununla bağlı müəyyən öhdəliklər düşür. Onlar şagirdlərə öz gücünə və potensiallarına inamı təlqin etməlidirlər. Eləcə də televiziyalarda da bununla bağlı maarifləndirici verilişlər hazırlanmalıdır. Düşünürəm ki, hər birimiz əl-ələ verib işləsək yeniyetmə və gənclərimizin intihar etmələrinin qarşısını ala bilərik ".

Altv1.info.az

XƏBƏR LENTİ