Əhməd Əhmədzadə: Bu da Cənab Prezidentimizin GÜCÜ

358 30-04-2024, 09:00 Sosial

Əhməd Əhmədzadə: Bu da Cənab Prezidentimizin GÜCÜ

Baş nazirin köməkçisi Əhməd Əhmədzadə - Cənubi Qafqaz dünyanın ən mürəkkəb və ən əhəmiyyətli coğrafiyalarından biridir. Beynəlxalq münasibətlər sistemində baş verən dərin strateji proseslər fonunda Cənubi Qafqazın yenidən müxtəlif qlobal güc mərkəzlərinin diqqətinə düşməsi də təsadüfi deyil. Dünya siyasətini təyin edən, ya da beynəlxalq münasibətlər sistemini yenidən dizayn etmək istəyən imperialist mərkəzlərin qarşılıqlı güc nisbətinin dəyişməsinə uyğun olaraq Cənubi Qafqazda da hadisələrin inkişaf istiqamətləri dəyişir. Beləliklə, regionun sabit siyasi gündəmini müəyyən etmək və yeni dünya nizamında onun yerini və rolunu müəyyənləşdirmək çətinləşir. Ancaq 2020-ci ildə baş verən 44 günlük müharibədən sonra Azərbaycan elə bir geostrateji reallıq yaratmağı bacarıb ki, bütün digər proseslər məhz bu kardinal dəyişikliyə nəzərən baş verir. Daha dəqiq desək, Azərbaycanın yaratdığı yeni tarixi reallığa adaptasiya olunmağa çalışır.




Prezident İlham Əliyev 200 illik “Qordion düyünü”nü necə açdı...

Əslində, Azərbaycanın yaratdığı yeni reallıq 1805-ci ildə imzalanan Kürəkçay müqaviləsi ilə Qarabağın Çar Rusiyasına birləşdirilməsi, 1813 və 1828-ci illərdə imzalanmış Gülüstan və Türkmənçay sülh müqavilələrindən sonra yaranan vəziyyətin dəyişdirilməsi idi. Məsələnin məntiqi, ya da hərbi-siyasi düsturu çox sadə idi. Qarabağa sahib olan Azərbaycana, Azərbaycana sahib olan isə bütövlükdə Cənubi Qafqaza sahib olur. İki yüz illik tarixi keçmişimiz bunun, doğrudan da, belə olduğunu sübut etdi. Ancaq məsələni mürəkkəbləşdirən başqa mühüm bir cəhət də var idi. Çar Rusiyasının işğalından sonra Rusiyanın Cənubi Qafqazda mövcudluğunu əbədi etmək üçün 1923-cü ildə Sovet Rusiyası bu reallığa bir “Qordion düyünü” də vurdu. Bu düyün Azərbaycan ərazisində, “Dağlıq Qarabağ” adlı uzunmüddətli minanın yerləşdirilməsi idi. Sovet dövründə üstü “ideoloji çör-çöp”lə örtülən bu mina müstəqilliyimizi əldə edər-etməz tam eybəcərliyi ilə üzə çıxdı və Azərbaycanı girov götürdü. 2020-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev tarixi bir qərar qəbul edərək öncə məhz bu düyünü əbədi etmək üçün onun ətrafında yaradılan bütün sipər və səngərləri təmizləməyi bacardı. Yəni ilk öncə işğal altında olan 7 rayonumuzu azad etdi. Ancaq “Qordion düyünü” hələ də qalmaqda idi. Çünki bu düyün açılmadıqca Azərbaycan əsla tam müstəqil dövlət olmayacaqdı. Elə ona görə də Rusiya sülhməramlıları, Avropa müşahidə missiyaları, Fransa hərbi emissarları Qarabağ düyünü ətrafında özlərinə qalıcı bir platforma əldə etməyə çalışırdılar. Ancaq dahi sərkərdə Makedoniyalı İskəndər Finikiyalı “Qordionun düyünü”nü qılıncı ilə kəsib atdığı kimi, Prezident İlham Əliyev də 2023-cü il sentyabr ayının 19-20-də qətiyyətli qərarı ilə Azərbaycana vurulmuş “Qordion düyünü”nü cəmi 23 saat içində açıb tarixin arxivinə atdı. Həmin vaxt Finikiyalı kahin Makedoniyalı İskəndər haqqında demişdir ki, “o Avropa və Asiyaya ancaq qılınc yolu ilə sahib olacaq, çünki düyünü açmadı, onu qılıncla kəsdi”. İlham Əliyev isə Azərbaycanı vurulmuş “Qordion düyünü”nü daha çox siyasi–diplomatiya yolu ilə, amma həm də onu dəstəkləyən hərbi güclə çözdü. Beləliklə, Cənubi Qafqazın geostrateji açarını əldə etdi, başqa sözlə, Azərbaycanı regionun söz sahibinə çevirdi. Yeni “Qordion düyünü” yaratmaq istəyən sülhməramlılar da elə bu gerçəkliklərin fonunda 2024-cü il aprel ayının 17-dən başlayaraq Azərbaycanı tərk etməyə başladı.

XƏBƏR LENTİ