2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında Qızqayıt Məmmədovanın 65 illiyi münasibətilə təbrik görüşü keçirilib

Səhiyyə Nazirliyinin 2 nömrəli Klinik Psixiatriya Xəstəxanasında uzun illər fasiləsiz çalışan və hazırda da böyük tibb bacısı kimi fəaliyyətini davam etdirən Qızqayıt Məmmədovanın 65 yaşı münasibətilə kollektiv arasında səmimi təbrik görüşü keçirilib. Görüşdə xəstəxananın həkim-psixiatrları və bir sıra tibb personalı iştirak edib.
Altv1.info.az xəbər verir ki, Qızqayıt xanımın bu müəssisədə illər ərzində göstərdiyi fədakar əməyə, pasiyentlərə qarşı diqqət və qayğıya əsaslanan yanaşmasına yüksək dəyər verilib.
Qızqayıt Məmmədova yalnız işgüzar keyfiyyətləri ilə deyil, həm də səmimiyyəti, təvazökarlığı və kollektivə bəxş etdiyi müsbət ab-hava ilə seçilir. Onun fəaliyyəti təkcə peşəkar nümunə deyil, həm də mənəvi dayaq kimi qəbul olunur.
Xəstəxananın baş həkimi Leyla Bəşirova yubiley münasibətilə bildirib:
“Qızqayıt xanım bu xəstəxananın ruhuna hopmuş adlardan biridir. Onun işinə yanaşmasında həm peşəkarlıq, həm də böyük bir ürək var. Gənc tibb bacıları üçün əsl nümunə, bizim üçün isə etibar ediləcək sabit bir dayağımızdır. Ona can sağlığı, uzun ömür və fəaliyyətində uğurlar arzu edirəm.”
Görüş zamanı həmkarları tərəfindən Qızqayıt Məmmədovaya çiçəklər və xatirə hədiyyələri təqdim olunub, xoş arzular səsləndirilib.