Zəfər Günü və Şuşa Günü - Azərbaycanın tarixi qələbəsinin, milli birliyinin və dövlət suverenliyinin təntənəsi
Azərbaycan xalqının tarixində elə günlər var ki, onlar yalnız təqvimdə əlamətdar tarix kimi deyil, milli yaddaşın, dövlətçilik düşüncəsinin və gələcək nəsillərin dünyagörüşünün formalaşmasında mühüm mərhələ kimi yaşayır. 8 Noyabr - Zəfər Günü və 15 İyun - Şuşa şəhəri günü Azərbaycan tarixinin məhz belə əlamətdar hadisələri sırasındadır. Bu iki tarixi gün xalqımızın iradəsini, milli həmrəyliyini, ərazi bütövlüyü uğrunda mübarizəsini və dövlətimizin gücünü özündə birləşdirən mühüm rəmzlərdir.
Zəfər Günü Azərbaycan dövlətinin və xalqının uzun illər ərzində qarşıya qoyduğu tarixi məqsədin reallaşmasının təcəssümüdür. 2020-ci il sentyabrın 27-də başlayan və 44 gün davam edən Vətən müharibəsi Azərbaycanın müasir tarixində yeni mərhələnin əsasını qoydu. Azərbaycan Ordusunun Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə həyata keçirdiyi hərbi əməliyyatlar nəticəsində işğal altında olan torpaqlarımızın böyük hissəsi azad edildi. Noyabrın 8-də Şuşanın azad olunması isə müharibənin taleyini müəyyənləşdirən həlledici hadisələrdən biri oldu.