Hörmətli Mehriban xanım Əliyevaya
Rafiq Çəpərxan oğlu Quliyev
Çox hörmətli və əziz Mehriban xanım!
Sizi doğum gününüz münasibətilə ən dərin ehtiram və səmimi hisslərlə təbrik edirəm!
Siz illərdir ki, öz nəcib əməlləriniz, alicənablığınız və təmənnasız xidmətlərinizlə xalqımızın qəlbində silinməz izlər qoymusunuz. İnsanlara ümid verən həssas qəlbiniz, ehtiyacı olan hər bir kəsə uzatdığınız yardım əli və ana qayğısı Sizə olan ümumxalq sevgisini və rəğbətini daha da gücləndirir.
Rəhbərlik etdiyiniz layihələr sayəsində bu gün ölkəmizin hər bir bölgəsində təhsil, səhiyyə və mədəniyyət sahəsində böyük dirçəliş yaşanır. Mədəni irsimizin dünyada təbliği, gənc nəslin sağlam və savadlı yetişməsi istiqamətində gördüyünüz işlər, eləcə də Vətən müharibəsi şəhidlərinin ailələrinə və qazilərimizə verdiyiniz sonsuz dəstək Sizin nə qədər böyük insanpərvərlik missiyası daşıdığınızın bariz göstəricisidir. Azad edilmiş torpaqlarımızda tarixi və dini abidələrimizin bərpasına verdiyiniz töhfələr isə hər bir azərbaycanlının qürur mənbəyidir.
Bu əlamətdar gündə Sizə ailənizlə birlikdə uzun, xoşbəxt ömür, möhkəm cansağlığı və Azərbaycanımızın tərəqqisi naminə gördüyünüz bütün savab işlərdə yeni-yeni uğurlar arzulayıram!
Doğum gününüz mübarək olsun!