Sabunçu Bazarında biabırçılıq: Minlərlə insanın yeganə ayaqyolu söküldü, yerində obyekt tikilir!”
Sabunçu rayonunda növbəti qanunsuz tikinti faktı aşkarlanıb. Altv1.info.az xəbər ki, Sabunçu bazarı və Dəmir Yol Vağzalının cəmi 15-20 metrliyində - Dilməqani Kişvəri küçəsində yerləşən böyük ictimai ayaqyolu sökülüb. Əvəzində isə yeni ticarət obyekti inşa olunur.
Ərazidə yaşayan sakinlər bildirir ki, həmin ayaqyolu bu ətrafda insanların təbii ehtiyaclarını ödəyə biləcəyi yeganə yer idi. Sökülən ayaqyolundan hər kəs 30 qəpik ödəməklə istifadə edirdi. İndi isə həmin imkanı da əllərindən alıblar.
Narazı vətəndaşların sözlərinə görə, bu məkan şəhərin ən sıx hərəkətli nöqtələrindən biridir. Burada iri bazar, Dəmir Yol Vağzalı və ölkənin ən böyük marketlər şəbəkəsi fəaliyyət göstərir. Hər gün minlərlə insanın gediş-gəliş etdiyi belə bir ərazidə ayaqyolunun qəsdən dağıdılması insanların elementar hüquqlarının tapdanması kimi qiymətləndirilir.
“Burada yaşlı da var, uşaq da, qadın da, kişi də. Minlərlə insan alış-verişə gəlir, amma təbii tələbatını ödəməyə bir yer qalmayıb. Kiminsə şəxsi maraqları üçün ictimai tualeti dağıtmaq böyük zülmdür”, - deyə sakinlər etiraz edirlər.
Qeyd edək ki, həmin ərazidə obyekt tikintisini hansı imkanlı şəxsin həyata keçirdiyi hələ ki, məlum deyil. Sakinlər isə aidiyyəti qurumlardan məsələyə dərhal reaksiya verilməsini və insanların sosial problemlərinin aradan qaldırılmasını tələb edirlər.

