Vətənin vətənpərvər oğlu hərbi həkim Rasim Həsənov

81 4-03-2025, 10:37 Sosial


Qazilər Hərbi Həkim Komissiyasının sədrinin onlara diqqət və qayğısından danışdılar

Pənbeyi-daği-cünun içrə nihandır bədənim,
Diri olduqca libasım budur, ölsəm, kəfənim.

Canı canan diləmiş, verməmək olmaz, ey dil!
Nə niza eyləyəlim, ol nə sənindir, nə mənim.

Daş dələr ahim oxu, şəhdi-ləbin şövqindən,
Nola zənbur evinə bənzəsə beytül-həzənim.

Tövqi-zənciri-cünun daireyi-dövlətdir,
Nə rəva kim, məni ondan çıxara zəfi-tənim.

Eşq sərgəştəsiyəm, seyli-sirişk içrə yerim,
Bir hübabəm ki, həvadən doludur pirəhənim.

Bülbüli-qəmzədəyəm, bağü bəharım sənsən,
Dəhənü qəddü rüxün, qönçəvü sərvü səmənim.

Edəməm tərk, Füzuli, səri-kuyin yarın,
Vətənimdir, vətənimdir, vətənimdir, vətənim!

Yazıya hələ XV əsrin sonu, XVI əsrin ortalarında yaşayıb yaratmış böyük Azərbaycanın böyük şairi, dahi Məhəmməd Füzulinin "Vətənim" qəzəli ilə əbəs yerə giriş vermirəm. Məşhur atalar sözündə deyildiyi kimi, "Ana kimi yar olmaz, Vətən kimi diyar". Və yaxud "Vətən daşı olmayandan olmaz ölkə vətəndaşı".
30 il müddətində Vətən torpaqlarımızın düşmən tapdağında qalmasına nəhayət, 2020-ci il sentyabr ayının 27-də Azərbaycanın Müzəffər Ordusu tərəfindən işğalçı erməni silahlılarına qarşı başlanan əks-hücum əməliyyatı və bu əməliyyatın noyabrın 10-da dünyada misli görünməyən tarixi qəlbəmizlə başa çatması ilə son qoyuldu. Bəli, düşmən döyüş meydanında rəzilcəsinə basıldı. Azərbaycanın rəşadətli Ordusunun, müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi və müdrik xalqımızın birliyi ilə 44 günlük Vətən Müharibəsi ərzində taktiki, uğurlu döyüş əməliyyatları nəticəsində doğma torpaqlarımız işğalçı düşmən taptağından təmizləndi, Ermənistan məcburiyyət qarşısında qalaraq kapitulyasiya aktına imza atmalı oldu. Bu qələbə, eyni zamanda ölkəmizin hərbi qüdrətinin dünyada yüksəkməsinə rəvac verdi. Bu döyüşdə canını qurban verən Şəhidlərimizin xatirəsi daim xalqımız, dövlətimiz tərəfindən əziz tutulacaq, qazilərimizə və şəhid ailələrinə dövlət qayğısı günü-gündən artırılmaqdadır.
Bəli, bu gün Vətən döyüş meydanında hünər göstərən qəhrəman oğullarına sözün əsl mənasında oğul deyir. Zaman-zaman arxa cəbhədə fədakarlıq göstərən ağxalatlıların əməyi də daim diqqət mərkəzində olmuş, onların bir an dincəlmədən yaralı əsgər və zabitlərə göstərdikləri təxirəsalınmaz tibbi yardımlar nəticəsində bu gün Qazilərimiz həyatdadılar. Belə mərd, vətənpərvər həkimlərimizdən biri də Rasim Əlövsət oğlu Həsənovdur. Belələri haqqında nə qədər yazsaq, azlıq edər.
Dağ boyda ürəyi olan Rasim elə məkanca da dağ adamıdır. O, zəngin meşəri, əsrarəngiz təbiəti, yeddi qat şəlaləsi, sərin çeşmələri-buz bulaqları ilə insan ruhuna rahatlıq, gətirən Yardımlı rayonunda 1979-cu ildə dünyaya vəsiqə alıb. Hələ kiçik yaşlarından həkim olmaq, bu peşəyə yiyələnməklə insanların sağlamlığının keşiyində dayanmaq naminə qəlbinin dərinliklərində baş qaldıran həvəs orta məktəbi bitdikdən sonra, onu 2004-cü ildə Azərbaycan Tibb Universitetinin Pediatriya fakultəsinə gətirib çıxarır. Elə əsas tale yolları da buradan başlanır. Universiteti müvəffəqiyyətlə başa vurduqdan sonra, R. Həsənov 2006-cı ildə həqiqi hərbi xidmətə çağırılır və bu arada Müdafiə Nazirliyinin təlim-tədris mərkəzində 3 ay oxuyaraq ən yüksək balla-100 balla kursu bitirir.
Beləliklə, müsahibimiz əldə etdiyi nailiyyətlərə görə 700 saylı hərbi hissənin 5-ci taboruna məntəqə rəisi vəzifəsinə təyin olunur. Fəaliyyəti boyunca üzərinə düşən vəzifəsinin öhdəsindən yüksək peşəkarlıqla gələn R. Həsənovun uğurları bir-birini əvəz etməyə başlayır. O, sonsuz Vətən coşğusu ilə, böyük həvəsl və məhəbbətlə xidməti pillələri ardıcıl olaraq adlamaqda, qalxmaqda davam edir. 703 saylı hərbi hissənin demək olar ki, bütün taborlarında məntəqə rəisi vəzifəsində çalışan R. Həsənov ardinca 2 il 700 saylı hərbi hissədə həkim ordinator kimi fəaliyyət göstərir. Nəhayət, o, Daxili Qoşunların Mərkəzi Hərbi Həkim Komissiyasında həkim kimi çalışmağa başlayır. Təcrübəli və ixtisaslı kadr olduğu nəzərə alınaraq rəhbərlik tərəfindən 2014-cü ildə Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasına gətirilir, Ekspertiza və Səbəb Əlaqəsi Bölməsinin rəisi təyin edilir. Bir müddət bu vəzifədə çalışdıqdan sonra Rasim Həsənov Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının rəisi vəzifəsinə təyin edilir. Hazırda həmin vəzifəni icra edən müsahibimiz evlidir, 3 ovlad atasıdır.
Biz bu insanla görüşüb söhbət etmək üçün gələndə o, iş başındaydı. Qazilərlə söhbət edir, onları narahat edən məsələlərə aydınlıq gətirir, Vətən müharibəsində əldə edilən tarixi qələbədə Şahidlərin əziz xatirəsinin, eləcə də Qazilərin xidmətlərinin qədirbilən xalqımız və dövlətimiz tərəfindən heç zaman uudulmayacagını aşılayır, bu mənada ənənəvi olaraq onlara aidiyyatı üzrə diqqət və qayğısını göstərirdi. Görüşümüz üst-üstə düşdü. Hələ, komissiya rəisi ilə söhbətə başlamamış qazilər mətbuatdan olduğumuzu görüb fürsətdən istifadə edərək R. Həsənovun onlara mütəmadi olaraq əsl insanlıq nümunəsi göstərdiyini bildirdilər. Dedilər ki, bu insanın qəbuluna üz tutan heç bir qazi burdan narazı geri dönmür, doğma torpaqlarımızın erməni işğalçılarından təmizlənməsində qanları, canları bahasına iştirak edən, Vətən fədailəri yüksək hörmətlə qarşılanır, halal haqları olan qazilik statusuna qanunun tələb etdiyi səviyyədə yiyələnmələrində R. Həsənov maksimum qayğı və koməklik göstərir.
Söhbət zamanı Komissiya sədri xüsusi olaraq vurğuladı ki, ön cəbhənin bazası arxa cəbhədir. Ön cəbhədə vuruşan igid oğullarımizın qayğısına qalmaq, onlara xidmət göstərmək təkcə ağxalatlı həkim kimi deyil, hər şeydən əvvəl bizim vətəndaşlıq borcumuzdu. "Təbii ki, həkimlərin əməyi dövlət başçısı-Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən daim yüksək qiymətləndirilmişdir. Mən, şəxsən qalib ölkənin vətəndaşı olmaqdan qürur duyuram. Yaşasın Müzəffər Ordumuz! Yaşasın cənab Ali Baş Komandan! Yaşasın bu yolda yüksək birlik numayiş etdirən Azərbaycan xalqı! Allah bütün Şəhidlərimizə rəhmət eləsin! Qarabağ Azərbaycandır!"-deyə
komissiya sədri Rasim Həsənov alovlu şəkildə fikrini ifadə etdi.

Altv1.info.az

XƏBƏR LENTİ